B Ə Y A N A T
Biz, bu bəyanatı imzalayan şəxslər ciddi narahatlıq hissi ilə bildiririk ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyasının aralıq hesabatı seçki prosesini düzgün əks etdirməmişdir. Belə ki, tələb olunan sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsində prezidentliyə müstəqil namizədlərin hüquqlarının pozulması, seçici imzalarının toplanması prosesində yol verilən qanun pozuntuları, hakimiyyət orqanları tərəfindən seçicilərə təzyiqlər göstərilməsi sənəddə öz əksini tapmaması hesabatın obyektivliyini ciddi şübhə altına alır. Əsassız olaraq 5 nəfərin prezidentliyə namizədlik sənədlərinin qəbul edilməməsi, 4 nəfərə isə imza vərəqələrinin gecikdirilməsi Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinin kobud formada pozulmasıdır ki, bunlar da hesabatda öz əksini tapmamışdır. Halbu ki, Seçki Müşahidə Missiyasının üzvləri ilə( Polina Lemos, Dominik Houel,Svetlana Çetaykina,Ciovanni Dibiaze) görüşümüzdə biz bu qanun pozuntuları ilə bağlı geniş məlumat vermiş, zəruri rəsmi sənədlər təqdim etmişdik. Hal-hazırda keçirilən prezident seçkilərinə biləvasitə aidiyyəti olmayan, Qarabağ ermənilərin, güya, oradan köçürülməsi kimi həqiqəti əks etdirməyən məlumatların hesabatda yer alması, Azərbaycan hakimiyyətinin öhdəlikləri yerinə yetirməməsi, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra edilməməsi, və s.) diqqəti seçki pozuntularından yayındırmaqdan başqa bir şey deyildir. Sənədlə tanışlıq belə təsəvvür yaradır ki, bu hesabat seçki prosesində müşahidənin nəticələrini əks etdirməkdən daha çox hakimiyyətin müdafiəsinə xidmət edir. Seçki prosesində baş verən qanun pozuntuları ilə hesabatın uzlaşmamasının səbəblərini aydınlaşdırmaq məqsədi ilə bəzi prezidentliyə namizədlərin Seçki Müşahidə Missiyasının rəhbərləri ilə görüşmək cəhdləri də nəticəsiz qalmışdır. Biz, Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərində baş verən çoxsaylı seçki pozuntularının ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyası tərəfindən gizlədilməsini qətiyyətlə pisləyir və bu hesabatın növbədənkənar prezident seçkilərindəki reallığı ək etdirən mötəbər hesabat olmadığını bəyan edirik.
İmza:
Mütəllimli M.
Səfərov N.
Kərimov S.
Temurxan Ə.
Məmmədov Q.
Sadıxlı T.
Oruclu Ə.
Dadaşov R.